Ermənistanın ələ keçirmək istədiyi post Azərbaycandadır - FOTO
İyulun 14-də Ermənistanın artilleriya qurğularından atılan mərmilərin səsləri, Azərbaycan Ordusunun adekvat cavab tədbirləri Tovuzdakı gecənin sükunətinə vahiməli bir fon verirdi.
Həmin gün səhər saatlarından etibarən isə Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdləri və artilleriya atəşləri intensiv xarakter alır.
Ermənistan silahlı qüvvələri sərhəddə yerləşən Dondar Quşçu, Əlibəyli kəndlərini də hədəfə gətirir, hərçənd ki, Əlibəyli kəndi elə əvvəlki illərdə də hədəfə alınıb.
Azərbaycan Ordusunun cavab tədbirləri isə effektiv nəticələnib, Ermənistanın 100-dən çox canlı qüvvəsi, hərbi texnikası, artilleriya qurğuları məhv edilib. Təəssüf ki, Azərbaycan tərəfi də itkilər verib, iyulun 12-dən başlayan təxribatlar nəticəsində Azərbaycan 11 şəhid verib.
Şiddətli döyüşlərin episentri isə Tovuzun Ağdam kəndidir. Ermənistanın sərhəd təxribatının məqsədi elə Ağdam kəndi ərazisində yerləşən Qaraqaya postunu ələ keçirməkdir. Qaraqaya ermənilərin qara niyyətlərini bir daha ortaya qoyur, mövqelərimizə basqın edilməsi cəhdlərinin əsasında Qaraqaya postunun özünəməxsus çəkisi var.
Azərbaycan Ordusunun əməliyyat şəraitini nəzarətdə saxlaması, niyyətinə nail ola bilməyən Ermənistanda qıcıq yaratdığından informasiya təxribatı ön plana çıxır.
Ermənistan mətbuatında gedən məlumatlara görə, guya işğalçı ordu Qaraqaya postunu ələ keçirib. Bu, başdan-ayağa yalan və provakativ strategiyanın məhsuludur.
İyulun 13-də Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Qaraqaya yüksəkliyində olan postun Azərbaycan ordusunun nəzarəti altında olduğunu bəyan etmişdi.
“Ermənistan KİV-ləri düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatl yalandır.
Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il dekabrın 12-də çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir”, - deyə V.Dərgahlı əlavə edib.
Bununla belə, hələ də yüksəkliyin Ermənistan tərəfindən işğal edilməsi rəyini formalaşdırmaq istəyənlər var.
Bir daha bildiririk ki, Qaraqaya Azərbaycan Ordusundadır, hərbçilərimiz böyük mübarizə ruhu və cəsarətlə postun müdafiəsindədirlər.
Oxu.Az-ın Tovuza ezam olunmuş əməkdaşları Ağdam kəndində olarkən, bunun əyani şahidi olublar.
Nə hansısa mənbədən eşidilən sözlər, nə də şayiələr – sırf bir jurnalist müşahidəsi və fotoqrafımızın obyektivinə həkk olunan kadrlar əsasında bunu deyirik.
Kənd sakinləri də bir ağızdan postun alınmadığını bildirir. Müəyyən strateji və hərbi nüansları nəzərə alaraq, detallı yazmayacağıq, sadəcə bu, bir faktdır ki, Qaraqaya yüksəkliyi Azərbaycandadır.