Prezident yeni qurum yaratdı - FƏRMAN

Prezident yeni qurum yaratdı - FƏRMAN










“Azərbaycan İnvestisiya Holdinqi” (AİH) publik hüquqi şəxs yaradılıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmanla “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiqlənib.
Fərmanda yazılıb ki, AİH-in fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır.

İdarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həll edir.
AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə aid olan səlahiyyətlər aşağıdakılardır:
Qurumun Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, ləğvi və yenidən təşkili.
AİH-ə aid olan səlahiyyət budur:
Bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabinetinə tapşırılıb ki, AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.
Nazirlər Kabineti AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.