Sürücünün şikayətindən sonra 3 qadın və 1 kişi həbs edilib
Goranboy rayonunda baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az xəbər verir ki, Goranboy rayonu ərazisində 3 qadın tərəfindən 200 manatı soyğunçuluq yolu ilə əlindən alınan Eldar Mikayılov “KamAZ” sürücüsü olub. O, özünə məxsus olan yük maşını ilə Samuxdan İmişliyə gedirmiş və Goranboy rayonu ərazisindən keçərkən yol kənarındakı kafelərdən birinə düşüb. Kafedə olarkən tanımadığı qadınla münasibət quran E.Mikayılov daha sonra həmin qadının onun cibindəki pulu götürdüyünü görüb. O, qışqıraraq qadından cibindən götürdüyü pulu geri qaytarmasını tələb edib. Münaqişəyə kafedəki digər qadınlar da qoşulublar və “müştəri”nin pulu almaqda qərarlı olduğunu görüncə Arzu Atayevə məxsus olan “VAZ-21011” markalı avtomobilə minərək qaçıblar. Yüngül həyat tərzi keçirən qadınları ərazidən uzaqlaşdıran avtomobilin nömrəsi müəyyən edildikdən sonra sürücü tutulub. Daha sonra isə soyğunçuluq əməlini törətmiş Gəncə sakini olan 3 qadın yaxalanaraq istintaqa təhvil verilib.
*****
2 dekabr
Goranboyda soyğunçuluqla məşğul olan qadınlar tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Eldar Mikayılovun 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini olan 3 qadın (S.Q, N.A, R.S) və Arzu Atayev saxlanılıblar.
Araşdırma aparılır.