“Mavi balina”nın toruna düşən yeniyetmələr – Onları necə qorumalı?

Bü gün bəla kimi yayılan sosial şəbəkə oyunları insanların həyatına girir və özündən asılı vəziyyətə salır.

Bunlardan ən təhlükəlisi və yayılmışı isə “Mavi balina”dır. Artıq dünyada yüzlərlə gəncin ölümünə səbəb olan bu oyun Azərbaycanda da təhlükəyə çevrilir.

Bu günlərdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə, həmin şagirdlər “Mavi balina” adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsirilə damarlarını kəsiblər. Bir müddət bundan öncə Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə özünü asaraq intihar etmişdi. Mətbuatda yayılan iddialara görə, yeniyetmə “Mavi balina” oynadıqdan sonra intihara əl atıb.

Qeyd edək ki, yeniyetməlik dövrü ən həssas və valideynlərin ciddi diqqət yetirməli olduqları bir dönəmdir.

Bəs, bu yaşlarda olan uşaqları “Mavi balina”ların torundan necə qorumaq olar? Onları mövcud sarsıntılardan, psixoloji gərginliklərdən azad etmək üçün valideynlər nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Oxu.Az psixoloq Fərqanə Mehmanqızının fikirlərini öyrənib.
Psixoloq bildirir ki, bu oyunlar xüsusi proqram vasitəsi ilə sosial şəbəkələrə yayılır və kütlə yığır. Bundan sonra isə oyunun idarəediciləri fəaliyyətə keçir: “Oyun qurulur və “öz qurbanlar”ını gözləyir. İştirakçılar oyuna qoşulur və admin gəlir, onlara oyunun qaydalarını öyrədir. Adminlər xüsusi profillə sistemə daxil olduqları üçün onları qara siyahıya atmaq olmur. Onlar hər yerinə yetirilən tapşırığa görə iştirakçını həddindən artıq tərifləyirlər, onun psixoloji durumu ilə oynayırlar. Hər hansı etapı keçə bilməyən oyunçulara isə təhqirlər yağdırırlar, mənəviyyatını alçaldırlar, onları oyundan çıxarmaqla hədələyirlər. Hətta oyunçuları özlərindən asılı duruma salan adminlər onları öz valideynlərini öldürməyə də vadar edirlər.

Beləliklə, bir insanın həyatı ilə oynayırlar. Nəhayət, ən son oyun oynanılır, dəfələrlə eyni turu keçə bilməyən iştirakçı sonda ağır cəza alır – özünü öldürmək, intihar. Onsuz da psixologiyası oyun adminlərinin əlində olan yeniyetməni intihara sürükləmək elə də çətin olmur. İştirakçı intihar edərək son oyunu oynayır və “qalib” gəlir”.

"Bəs hansı uşaq və yeniyetmələr bu oyuna meyil edir?" sualına isə psixoloqun cavabı belə olub: "Oyuna daha çox özünütəsdiqə ehtiyac olan uşaq və yeniyetmələr meyillənir. Problem yaşayan uşaqların tərifə, uğura, liderliyə, özünü təsdiqə ehtiyacı var. “Mavi balina” oyunu onlara bu imkanı verir və beləcə, onları ətraflarından uzaq tutur. Belə uşaqlar valideyn sevgisindən uzaqdır, valideynlər övladlarına qayğını lazımi qədər göstərmir. Amma valideyndən soruşsan, “hər şey edirəm, hər cür təmin edirəm” deyəcək. Biz həm də mənəvi cəhətdən uşaqların yanında olmalıyıq. Onların uğurlarına sevinməli, hər zaman uğura motivə etməliyik. Övlada “o mənim əmrim altındadır” fikri ilə idarə etmək yox, dost kimi, şəxsiyyət kimi yanaşmalıyıq. Xüsusilə bu, yeniyetməlik dövrünə qədəm qoyanlar üçün zəruridir. Biz övladımızı şərtlə – “bunu etsən, səni daha çox sevəcəyəm, ağıllı olsan, səni daha çox sevəcəyəm” kimi deyimlərlə sevməməliyik.

Valideynlər uşaqlarına qarşı daha diqqətli olmalıdırlar, məncə, xüsusən də yeniyetmə yaşlarında. Biz dünyaya gətirdiyimiz övladlara borcluyuq, həm də təkcə yedirdib, oxutmaqla iş bitmir, onları adam etməliyik, yönəltməliyik, yol göstərməliyik, onlara dost olmalıyıq".