Moskvadakı “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində (SC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə “Metrovaqonmaş” SC-nin daxil olduğu “Transmaşholdinq” SC-nin direktor müavini Atyom Ledeneyev, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə bildirilib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadratmetr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir.