Bahar Muradova yeni binası üçün 158 min xərcləyəcək
Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının təchizatı ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibini açıqlayıb.
REPORTYOR.info xəbər verir ki, qalib şirkət “Xəzər İnşaat KO” MMC-dir. Komitə sözügedən MMC-nin göstərdiyi xidmət müqabilində ona 158 045.66 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Xəzər İnşaat KO” MMC 10 dekabr 2007-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 130, mənzil 4-də yerləşir. Şirkətin qanuni təmsilçisi Atayev Elvin Elşən oğludur. “Xəzər İnşaat KO” MMC barəsində açıq mənbələrdə məlumat son dərəcə məhduddur. MMC-nin adına yalnız Bakı Apellyasiya Məhkəməsinin databazasında və Respublika qəzetinin satınalma müsabiqəsinin nəticələri barədə dərc etdiyi elanda rast gəlinir.
Aydın olur ki, 2018-ci ildə Nərimanov Rayon Məhkəməsi MMC-ni İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə təqsirli bilərək cərimələyib. İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində qeyd edilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şirkət apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.
“Respublika” qəzetinin elanından isə məlum olur ki, “Xəzər İnşaat KO” MMC “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin 11 avqust 2020-ci il tarixdə suvarma nasoslarının və ehtiyat hissələrinin satın alınması üzrə elan etdiyi tenderin qalibi olub.