Öz nəfslərinin əsaririnə çevrilmiş insanların yaratdığı Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına bəşəriyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
Cəmiyyətdə sosial-iqtisadi səviyyənin qeyri-bərabər inkişafı Respublika əhalisinin müəyyən hissəsinin həddindən artıq varlanması, digər hissəsinin isə yoxsulluq içində qalması, insan sivilizasiyasının və onu əhatə edən qlobal ətraf mühitin sabitliyinin təhlükəli şəkildə pozulması Respublikamızın müxtəlif regionlarında iqtisadiyyatın coşqun inkişaf sürəti həm də ətraf mühitin mühafizəsi problemlərinin meydana çıxmasına səbəb olur.
Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənliklər, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir ki, burada da insan "əməyini" qeyd etməmək mümkün deyil. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, erroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılarla, fəlakətlərlə nəticələnir.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Müstəqillik illərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır. Ulu öndərön hakimiyyəti dövründə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə ekologiya ilə bağlı 29 qanun qəbul olunmuşdur. Bununla yanaşı, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqramın qəbul edilməsi dövlətin ekoloji siyasətinin uğurla həyata keçirilməsinə geniş imkanlar açmışdır.
Bəs reallıq necədir?
Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsiz mühitin qorunub saxlanması istiqmətində əməli tədbirlərin görülməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalamışdır.
Çox təəssüflər olsun ki, kabinetlərində Ulu öndərin və cənab Prezidentimizin portretlərin başlarının üzərindən asmış, lakin verilmiş fərman və sərəncamlara barmaq arası baxaraq, öz mənafelərini düşünən bəzi kabinet məmurları “ekoloji terror” haqqında çalınmış həyacan siqnallarını özlərinə xas qaydada “YVG” (yola ver getsin) sisteminə salırlıb, qanunların və digər normativ hüquqi aktların tələblərini kobud şəkildə pozurlar.
İmişli rayonunda hər il dekabrın əvvəllərində ənənəvi olaraq “Şəkər bayramı” keçirilir. Həmin tədbirdə iştirak etmək üçün dekabrın 5-də İmişli rayonunda olduq. Bayram tədbirindən sonra rayonda görülən işlərlə tanış olub rayon haqqında geniş bir yazı hazırlamaq qərarına gəldik. İctimaiyyət nümayəndələri görüşüb əhalinin sosial durumu ilə maraqlandıq. Söhbət əsnasında bizə bildirdilər ki, başı bəlalı Araz çayının sahil bəndləri qeyri-qanuni dağ-mədən işlərini yerinə yetirən bəzi işbazlar tərəfindən məhv edilir.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində Araz çayının sahil boyu istiqamətində verilən informasiyanın doğruluğunu yoxlamaq üçün əraziyə baxçş keçirdik. Gördüyümüz mənzərə bizi çox məyus etdi.
Araz boyu səyahətimizi əks etdirən belə şəkillərimiz çox olacaq. Çay məcrasını dəyişir.
[center]
Ətraf Mühitin Mühafizəsi Departamentinin Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun müdiri
Hörmətli oxucularımız Araz çayının sahil boyu gedən “terror”a şahid olduqdan sonra ilkmöncə bir vətəndaş kimi, sonrada bir KİV nümayəndəsi kimi bu hallarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun müdiri Raqub Mirzəyevlə əlaqə saxlayıb baş verən hadisələri təfərrüatı ilə izah etməyə çalışdıq. Əslində biz tam olaraq məlumatı olduğu kimi Raqub Mirzəyev cənablarına ərz etdik. Lakin o, cənab baş vermiş “terrora” don geyindirməyə çalışdı. Gah “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu bəhanə etdi, gah da ki, bir neçə nazirliyin iştirakı ilə yaradılmış xüsusi komissiyanın apardığı monitorinqdən sonra dağ-mədən işləri ilə bağlı qəbul olunacaq yeni qanun və qaydalardan bəhs etdi və bizə İcra Hakimiyyətinə müraciət etməyi məsləhət gördü. Yenə də sağ olsun məsləhətinə görə.
Üz tutduq İmişli rayon İcra hakimiyyətinə. Bizi istiqamətləndirdilər Memarlıq və tikinti şöbəsinə. Baş memar Bakıda olduğuna görə memarlıq şöbəsinin əməkdaşı heç bir sualımızı cavablandıra bilmədi. Araz çayının sahil mühafizə zolağının neçə metrdir sualına cavabı isə çox “orjinal” oldu. Siz bir saniyədə neçə kub/metr su axdığını desəniz mühafizə zolağının neçə metr olduğunu deyərəm. Burada “müəllim” kanaların mühafizə zolağının təyini ilə çayların mühafizə zolağının təyini qaydasını qarışdırdı.
Bu sualı Raqub müəllimə də vermişdik. O, da sualımızı cavabsız buraxmışdı. Azərbaycan Respublikasının Prezidentinin 20 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərkən biz bildirdik ki, qeyri-qanuni olaraq Arazın köksünü dəlib, sahil bəndlərini zəiflətmək sahibkarlıq fəaliyyəti deyil.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazrliyinin Əraf Mühitin Mühafizəsi Departamenti Haqqında Əsasnamənin 3-cü bəndinə görə -Departament, ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət sahəsində mülkiyyət və təşkilati-hüquqi formasmdan asılı olmayaraq bütün yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin icrasına nəzarət etməklə, ətraf mühit və təbii sərvətlərin mühafızəsini və qorunmasını təmin edir və bu sahədə Nazirlik qarşısında məsuliyyət daşıyır.
Həmin Əsasnamənin 12.2-ci bəndinə görə - ətraf mühit və təbii sərvətlərin, o cümlədən torpağın, yer təkinin, faydalı qazıntıların, biomüxtəlifliyin, bitki örtüyünün, floranın (o cümlədən meşələrin), faunanın (o cümlədən balıqların), su ehtiyatlarının, xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin bərpası, mühafizəsi və istifadəsi, həmçinin atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasma dövlət nəzarətini həyata keçirmək departamentin əsas vəzifələrindən biridir.
Raqub müəllim yəqin ki, Əsasnaməni oxumuş olar. Ona görə də Əsasnamə ilə Sizləri yormaq istəmirəm dəyərli oxucularımız.
Hörmətli Raqub müəllim və əziz oxucular şəkildə gördüyünüz yerqazan traktorların arxası araz çayıdır.Sahil mühafizə zolağı 500 metr olan Araz çayının yaralı qəlbini bir də yaralamağın nə mənası var?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun müdiri Raqub Mirzəyevin verdiyimiz məlumata adekvat reaksiya əvəzinə bizi qanununların və qərarların ətrafında dolandırması “Qanun naminə” filmindəki bir epizodu yadıma saldı: Qızıl saat! Qızıl saat!...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
(Ardı var)
AzBaku.info