Qalmaqallı iş adamına məxsus məşhur market şəbəkəsi bağlanır TƏFƏRRÜATLARI


Ölkənin aparıcı supermarketlər şəbəkəsindən birinə sahib olan “Bizim Market” MMC (VÖEN -1501069851) ləğv olunduğunu elan edib.
Ləğvetmə elanında “Bizim Market”in fəaliyyətinin dayandırılacağı nəzərə alınaraq 29.12.2023-cü ilə qədər olan dövr ərzində MMC-nin nizamnamə kapitalının azaldılacağı bildirilir.
Məlumat üçün qeyd edək ki, uzun illərdir fəaliyyət göstərən aparıcı supermarketlərdən biri hesab olunan “Bizim Market”in hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 1C-də yerləşir. MMC-nin nizamnamə kapitalı 7 milyon 361 min 853 manat təşkil edir. 2005-ci ildə qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Şirinov Ramin Rasim oğludur.
Xatırlayırsınızsa, 2016-cı ildə bəzi iri supermarketlər sabiq iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün ondan kömək istəmişdilər.
Qeyd edək ki, həmin müraciəti imzalayanlardan biri də özünü “Bizim Market”in təsisçisi kimi təqdim edən Rasim Salmanov olub.
Məlumat üçün bildirək ki, uzun müddətdir Rasim Salmanov haqqında mətbuatda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ildə Rasim Salmanovun şikayəti əsasında həyat yoldaşının bacısı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev həbs olunublar. Həmin şəxslər qohumları Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra mətbuata açıqlama verən Rasim Salmanovun qayınanası Xanımbacı İsmayılova bildirib ki, Rasim Salmanov keçmiş milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun Vüqar adlı qaynı ilə yaxın dost olub və bu şəxs Rasim Salmanovun biznesinə havadarlıq edib.

Yeniavaz.com