Azərbaycan ölüm cəzasının ləğvinə dair protokolu imzalayacaq











Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.
Onun sözlərinə görə, ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 2023-cü il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib.
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.
Bu il Azərbaycanda ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümü qeyd edilir. axar.az