Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.
Bununla bağlı vəkil Vüsal Səfərov foto da paylaşıb. O qeyd edib ki, şəkil gecə saat 02 radələrində Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsində çəkilib: “Şəkildə ayaqüstə olan şəhid atasıdır. 43 saatdır heç bir hüquqi əsas olmadan qanunsuz olaraq azadlıq hüququ məhdudlaşdırılır”.
Vəkilin sözlərinə görə, yuxarı instansiyalara müraciət edilsə də, reaksiya verilmir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qafqazinfo-ya bildirib ki, həmin vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib: “O, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır”.