İranla Ermənistan Azərbaycana qarşı yeni plan qururlar. Bu planın bəzi detalları barədə Azərbaycan mediasında fevralın 8-də məlumatlar tirajlandı.
Bununla da Azərbaycan göstərdi ki, həm İranın gizli niyyətlərindən xəbərdardır, həm də hadisələri qabaqlamaq imkanına malikdir.
SEPAH-la Ermənistanın Laçın və Qubadlı istiqamətlərində təxribata hazırlığı barədə Azərbaycanda məlumatların mövcudluğu Tehranı ifşa edir. Hərbi təxribata hansı SEPAH generalının rəhbərlik edəcəyi, onun ölçüləri barədə Bakıda olan informasiyalar preventiv tədbirlər üçün həlledicidir.
Tehran bir daha terrorçu zehniyyəti ilə davrandığını və daxildəki böhrandan diqqəti yayındırmaq üçün xarici düşmən axtarışlarında olduğunu göstərir.
Bir neçə məqamı xüsusi qeyd etmək lazımdır ki, İranın təxribat məşqləri barədə aydın təsəvvür yaransın. Beləliklə:
- Fevralın 8-də Azərbaycanın informasiya məkanında xüsusi çəkisi olan iki resurs İranla Ermənistanın sərhəddə təxribata hazırlaşdıqlarını iddia edir;
- Fevralın 9-da İranın Ermənistandakı səfiri Abbas Badəxşan Zohuri ölkəsi ilə İrəvanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini deyir;
- Bu azmış kimi, səfir Fransa qoşunlarının Ermənistanda fəaliyyətə başlayacaq missiyanı dəstəklədiklərini ifadə edib;
Əzəl başdan Fransanın İranla əlbir olduğunu qeyd etmişdik. Məncə, İranın məqsədi heç də Ermənistanı mühafizə etmək deyil.
İran ümumiyyətlə Azərbaycanın mümkün sərhəd əməliyyatlarının nəticələrindən ehtiyat edərək Ermənistanı nəzarətə götürmək istəyir.
Belə olan təqdirdə, Azərbaycan sərhəddə nəzarəti möhkəmləndirmək və hadisələri qabaqlamaq üçün preventiv addımlar atmaq hüququna malikdir.
İranın terror düşüncəsindəki səhifələr vərəqləndikcə, ortaya daha təhlükəli planlar çıxa bilər. Azərbaycan sərhədlərin mühafizəsini və müdafiəsini ali hərbi məqsəd kimi saxlayır. Tehran isə Azərbaycana qarşı həmlələrə cəhdlər göstərir, lakin bunun nəticələrini, özü üçün fəsadlarını düşünmür.
İrandan Azərbaycana qarşı hər hansı həmlə beynəlxalq birlik tərəfindən Tehranın başına “od ələnməsinə” gətirib çıxarar. Ona görə də iranlı səfirin belə sərsəm açıqlaması ilk növbədə öz ölkəsi üçün böyük təhlükə mənbəyidir. Üstəlik, bu tipli cəfəng sayıqlamalar özünə diplomat deyən şəxsin siyasi nüfuzuna da uyğun deyil. Gözünü erməni sevgisi örtən molla rejimi isə belə şəxslərə dövləti vacib işləri tapşırmaqla siyasi arenada səriştəsizliyini bir daha ortaya qoyur.