Masallıya son iki ildə 4-cü baş həkim təyinatı - FOTO


Masallı Rayon Mərkəzi Xəstəxanasına yenidən baş həkim təyinatı olub. 

Bu, son iki il ərzində qalmaqallı xəstəxanada 4-cü baş həkim dəyişikliyidir.

Bu dəfə tibb ocağına Mərkəzi Xəstəxananın Reanimasiya Şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru İlqar Məmmədov təyinat alıb. O, ötən ilin dekabrında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən Eşqin Əliyevi əvəz edib.

Xatırladaq ki, son iki il ərzində Masallı Rayon Mərkəzi Xəstəxanasında 4 baş həkim dəyişib. İ.Məmmədovdan əvvəl bu vəzifəni tutan 3 baş həkim qanunsuz əməllərə görə işdən çıxarılıb. Belə ki, 2021-ci ilin yanvar ayında baş həkim Cəlil Nəzərov 675 min manatı mənimsəməkdə ittiham olunaraq həbs edilib, ötən ilin noyabrında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. 

Ondan sonra təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. R.Əzizovun marketlərdən birindən oğurluq etməsinin görüntüləri sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi - 2021-ci ilin noyabrında işdən çıxarılıb.

Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.