Sabahdan marketlərdə polietilen torbaları neçəyə alacağıq? - YENİLƏNİB


“Polietilen torbaların qiyməti bazar prinsipləri əsasında sahibkar tərəfindən müstəqil formada müəyyən ediləcək”.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir:
“Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər”.
Oxu.Az-ın mağazalardan əldə etdiyi məlumata görə, kiçik torbalar üç, böyüklər isə beş qəpiyə təklif olunacaq.
***
Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. 
Bununla bağlı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi məlumat yayıb.
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir”, - deyə məlumatda qeyd edilib.