Deputat qardaşının qalmaqallı çıxışı müdafiə etdi: "Qınamaqdansa, özümüzə baxaq"


"Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur". 
Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı yazıb. O, qardaşının Azərbaycan dilindən Türkiyə türkcəsinə keçid etməklə bağlı fikirlərinə münasibətini belə ifadə edib:

"Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, həyəcan siqnalı, yatanları oyatmaqdır. Güzgünü qınamaqdansa, özümüzə baxaq! 
Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. 
O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb", - millət vəkili qeyd edib.
Qeyd edək ki, "Qanun" nəşriyyatının direktoru", tərcüməçi-yazar Ş.Xuduoğlu  Azərbaycan dilindəki kutabların satılmadığını, cəmiyyətin digər dillərdə oxumağa meyilli olduğunu deyərək, Türkiyə türkcəsinə keçid etməyi təklif edib.