“Bakcell”ə yeni rəhbər gətirildi - FOTO


"Bakcell" şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinat olub.
Bu vəzifəyə Klaus Müller təyin olunub.

Telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, 2019-cu ildən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber idi.
Həmçinin "NEQSOL Holding"in Qrup üzrə Baş Maliyyə direktoru və "NEQSOL Holding" Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə "Bakcell" şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib. İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 20 illik təcrübəsi var. O, 2013-cü ildə "NEQSOL Holding"in tərkibinə daxil olan "Nobel Energy"də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə "NEQSOL Holding"də Baş Maliyyə direktorunun müavini, 2018-ci ildə isə Baş Maliyyə direktoru təyin olunub. O, həmçinin "Vodafone Ukraine", "Nobel Energy", "Norm" və holdinqin tərkibindəki digər şirkətlərin Direktorlar Şurasının üzvüdür. İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.