Bakının mərkəzində UNUDULMUŞ QƏSƏBƏ - Park yox, yollar bərbad, su isə saatla verilir - FOTOLAR


Suraxanı rayon Yeni Günəşli qəsəbəsində yerləşən Ana-Bala parkında 2012-ci ildə başlayan təmir-tikinti işləri 2014-cü ildə dayandırılıb. Artıq 10 ilə yaxındır ki, bağlanan parkın maliyyə problemi ucbatından təmir edilmədiyi deyilib. Ərazidə sakinlərin asudə vaxtlarını dəyərləndirəcək heç bir istirahət guşəsi yoxdur. Qəsəbə ərazisində yol infrastrukturu və su problemi isə hələ də qalmaqdadır. Məsələ ilə bağlı Suraxanı rayon Qaraçuxur icra nümayəndəliyi Referans.az saytına  açıqlama verib.
 “Yeni Günəşli qəsəbəsində yerləşən Ana-bala parkında görülən təmir işləri dayandırılıb. Təmirin nə zaman davam edəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Yolların təmir edilməsi məsələsinə gəlincə isə, bu layihə AAYDA tərəfindən yerinə yetirilir. Nəqliyyat yollarının təmiri və yenilənməsi layihəsi onlardadır”.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yol təmiri və tikintisini həyata keçirmək üçün həmin ərazinin investisiya layihəsinə salınmalı olduğunu deyib.
 “2019-cu ildən bəri Bakı şəhərinin mərkəzi və şəhərətrafı yolların təmirini mərhələ-mərhələ yerinə yetiririk. Bunun üçün həmin ərazilər investisiya layihəsi proqramına daxil olmalıdır. Yeni Günəşli yolları ilə bağlı investisiya layihəsi təqdim edilərsə, təmir işləri tərəfimizdən həyata keçiriləcək”.
 Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zənglərimizə və suallarımıza cavab gəlmədi.