Müvəqqəti təminat tədbirlərinin tətbiqinin icrasından imtina üçün əsaslar müəyyənləşir



Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi tanınacaq.
AzBaku.org - un xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, tərəflərdən birinin ərizəsi əsasında bu Qanunda göstərilmiş məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər. Arbitrajın yerinin Azərbaycan Respublikasının ərazisində olub-olmamasından asılı olmayaraq, arbitraj icraatı ilə əlaqədar müvəqqəti təminat tədbirlərinin tətbiqində məhkəmənin Mülki Prosessual Məcəllədə müəyyən edilmiş səlahiyyətləri var.
Bu Qanunun tələbləri nəzərə alınmaqla çıxarıldığı ölkədən asılı olmayaraq, bu Qanunda göstərilmiş məhkəməyə müraciət edilməsi yolu ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi tanınır və arbitraj məhkəməsi tərəfindən başqa hal nəzərdə tutulmamışdırsa, icra olunur.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icra olunması üçün müraciət etmiş və ya belə müraciəti təmin edilmiş tərəf həmin tədbirlər ləğv edildikdə, icrası dayandırıldıqda və ya dəyişdirildikdə dərhal bu barədə məhkəməyə məlumat verməlidir.
Təminatın təqdim edilməsi məsələsi üzrə arbitraj məhkəməsi tərəfindən qərar çıxarılmışdırsa və ya belə qərarın çıxarılması üçüncü şəxslərin hüquqlarının qorunması üçün zəruridirsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası haqqında müraciətə baxan məhkəmə məqsədəuyğun hesab etdiyi halda müraciət edən tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj qərarı tanınması və ya icra olunması üçün məhkəməyə bu Qanunda nəzərdə tutulmuş qaydada təqdim edilməlidir.
Layihəyə əsasən, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:
- əleyhinə belə qərar çıxarılmış tərəfin müraciət ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
. bu Qanunda qeyd olunan əsaslardan birinin mövcudluğunu;
.müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;
. arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;
- məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
- məhkəmənin öz səlahiyyətlərinə və tədbirinin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;
- bu Qanunda qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.
Yuxarıda qeyd olunan istənilən əsas üzrə qəbul edilmiş qərar yalnız müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası ilə bağlı müraciətin məqsədləri üçün qüvvəyə malikdir.
Tanınma və ya icra haqqında müraciətə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmamalıdır.