Deputat: Ermənistanın qeyri-konstruktiv mövqeyi şəraitində müdafiə xərclərinin artırılması məqsədəuyğundur


Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər və lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa tam açıb.
AzBaku.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Fatma Yıldırım bildirib.

Deputat deyib ki, Azərbaycan xalqı olaraq 2023-cü ildə – “Heydər Əliyev İli”ndə, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümündə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələr yaşadıq: “Bu ilin aprel ayında bütün beynəlxalq təzyiqlərə rəğmən Ermənistanla şərti dövlət sərhədində Laçın nəzarət buraxılış məntəqəsi yaradıldı. Prezidentin dediyi kimi bu, ərazi bütövlüyümüzün bərpası idi. Eyni zamanda sentyabr ayında lokal anti-terror tədbirləri nəticəsində dövlət suverenliyimiz də tam təmin olundu. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavəndə, yəni bütün Qarabağda üçrəngli bayrağımızın dalğalanmasından sonsuz dərəcədə qürur duyuruq. Bundan sonra da dövlətimizin əsas milli hədəfləri Qarabağı dirçəltmək, dağıdılmış şəhərlərimizi, infrastrukturu bərpa edərək Böyük Qayıdışı təmin etməkdir. Son üç ildə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, döyüş meydanında düşməni diz çökdürərək kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən il Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Bu il isə keçmiş məcburi köçkünlərimiz Tərtərin Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə böyük sevinc və qürur hissləri ilə qayıtmışdırlar. Müsbət haldır ki, gələn ilin dövlət büdcəsində də Böyük Qayıdışa dair mühüm tədbirlər üçün prioritet xərclər nəzərdə tutulub. Eyni zamanda, növbəti ilin büdcəsində hərbi və müdafiə sənayesi üçün xərclərin artırılması da çox önəmlidir. Qarabağ münaqişəsi başa çatsa da Ermənistan bölgədə sülhə qarşı qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Belə bir şəraitdə ölkəmizin müdafiə xərclərinin artırılması, diqqətdə saxlanılması tamamilə məqsədəuyğundur və doğrudur”.