Kreml Putinin iri biznes nümayəndələri ilə görüşünün detallarını açıqlayıb
Rusiya prezidenti Vladimir Putin noyabrın 15-də iri biznes nümayəndələri ilə görüşüb. Görüşdə iqtisadiyyatın investisiya cəlbediciliyini artırmaq üçün mümkün addımlar müzakirə olunub.
AzBaku.org - un Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Həqiqətən, dünən prezidentin böyük biznes nümayəndələri ilə görüşü oldu. Ətraflı söhbət oldu. Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı vasitəsi ilə bir sıra suallar formalaşdırıldı. Müxtəlif çıxışlar oldu, İş adamları və hökumətin iqtisadi blokunun nümayəndələri çıxış etdilər. Əslində, müzakirə iqtisadiyyatımızın investisiya cəlbediciliyinin artırılması, şirkətlərin buraya (Rusiyaya-red) köçürülməsi prosesinin başa çatdırılması oldu”, - deyə Kreml rəsmisi vurğulayıb.
Peskov həmçinin bildirib ki, Putin iş adamları ilə görüşdə şirkətlərin Rusiya yurisdiksiyasına keçmə prosesinin tamamlanmasını da müzakirə edib.
"Görüşdə iştirak edən sahibkarların böyük əksəriyyəti xaricdə bu və ya digər şəkildə qeyri-qanuni rəftarla üzləşiblər. İndi isə bunun üçün bütün mövcud mexanizmlərdən istifadə etməklə biznesin Rusiya yurisdiksiyasına keçirilməsi prosesi aktiv şəkildə aparılır. Bu proses tamamilə mükəmməl həyata keçirilib ki, bizneslər problemlərlə üzləşməsin, iş adamları şirkətlərini bura köçürsünlər, yeni iş yerləri açsınlar, yeni müəssisələr yaratsınlar, qazandıqları pulları burada öz vətənlərində yığsınlar”, deyə Rusiya prezidentinin mətbuat katibi yekunlaşdırıb.
Fərid Əkbərov