Rusiyada Kərim Kərimovun xatirə lövhəsinin açılışı olub

Moskva vilayətinin Korolyov şəhərində məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimovun xatirə lövhəsi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Korolyov şəhərinin Deputatlar Şurasının sədr müavini Dmitri Denisov, Mərkəzi Maşınqayırma Elmi-Tədqiqat İnstitutunun, Veteranlar Şurasının və Korolyov şəhərindəki Azərbaycan Milli Mədəni Muxtariyyətinin nümayəndələri iştirak ediblər.

Kərim Kərimovun xatirə lövhəsinin qoyulması təşəbbüsü ilə Mərkəzi Maşınqayırma Elmi-Tədqiqat İnstitutu və Korolyov şəhərindəki Azərbaycan Milli Mədəni Muxtariyyəti çıxış edib.

Korolyov şəhərinin Veteranlar Şurasının sədri, kontr-admiral Vladimir Kovtunenko Sovet kosmonavtikasının banilərindən biri olan Kərim Kərimovun xatirə lövhəsinin açılmasının önəmli hadisə olduğunu bildirib. Kərim Kərimovun SSRİ-də raket quruculuğuna və müdafiə sənayesinə töhfələrini qeyd edən D. Denisov isə onun Böyük Vətən Müharibəsində keçdiyi şücaətli yoldan danışıb.

Korolyov şəhərindəki Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Şamil Vəliyev isə çıxışında bütün azərbaycanlıların Kərim Kərimovla fəxr etdiklərini söyləyib, yerli Azərbaycan icması adından Kərim Kərimovun xatirə lövhəsinin qoyulmasında əməyi keçənlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Korolyov şəhəri Rusiyanın kosmik paytaxtı hesab olunur.

Rusiyada Kərim Kərimovun xatirə lövhəsinin açılışı olub
Rusiyada Kərim Kərimovun xatirə lövhəsinin açılışı olub