Rusiya yenidən "Volqa" avtomobillərinin istehsalına başlayacaq


Rusiya bu ildən yenidən "Volqa" minik avtomobillərinin istehsalına başlayacaq.

Azbaku.org xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib.

Onun sözlərinə görə, istehsalının 2024-cü ilin ortalarında bərpası planlaşdırılan "Volqa" avtomobili müasir dizayn alacaq, lakin loqo eyni qalacaq.
Manturov sənaye istehsalı üzrə tərəfdaş kimi xarici avtomobil istehsalçısının seçildiyini vurğulayıb.
“Bəli, bütün razılaşmalar son mərhələdədir. Bu qərarın elan edildiyi gündən, yəni 2023-cü ilin may ayından bəri işlər dayanmadan davam edir. Ona görə də biz hesab edirik ki, 2024-cü ilin ortalarında Nijni Novqorod Avtomobil Klasteri bu avtomobili istehsal etməyə başlamalıdır
Bilirsiniz, avtomobilin tamamilə müasir görünüşü olacaq. Lakin maral təsvir olunan loqo qalacaq, çünki bu loqo bütün dünyada tanınır", deyə rusiyalı nazir qeyd edib.
Manturov onu da əlavə edib ki, xüsusən də yeni avtomobilin radiator barmaqlığı böyük ehtimalla əfsanəvi "Volqa" bənzəyəcək. O, ZIS-lə oxşar köklərə malik olan Aurus avtomobillərini misal çəkib.