Cənublu şair və yazıçıların Xocalı harayı
Xocalı soyqırımına Cənubi Azərbaycanın şair və yazıçıları heç vaxt biganə qalmayıblar. Onlar Qarabağda erməni ekstremistləri tərəfindən törədilən özbaşınalıqlara qarşı etiraz yanğılarını xalqın idealı ilə qovuşduraraq təcavüzkarlara qarşı bədii ittiham aktına çevirıblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyevanın “Cənublu şair və yazıçıların Xocalı harayı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
İsmayıl Məhəmməd Sani Herizin (Məhəmmədlinin), Məhəmmədtağı Qasımi Neməti Aqşin Ağkəmərlinin, Əli Daşqının, İşıq Qaradağlı – Bəhram Mustafayinin, Ümüd Zəncanlının, Cavad Heyətin, Səməd Sərdariniyanın, İsmayıl Hadinin və başqalarının əsərləri öz kəskinliyi ilə seçilir. Onlar ermənilərin axın-axın Qarabağa gətirilib orada yerləşdirildiyini, azərbaycanlıları ata-bala yurdundan qovmalarını, onlara amansız işgəncələr vermələrini, məhv etmələrini lənətlə damğalayırlar.Ermənilərin hər işdə mənfəət axtardıqlarını, çörəkitirən, başkəsən olduqlarını uşaqkən nənəsinin dilindən eşidən o taylı-bu taylı Azərbaycanın görkəmli şairi Əli Tudə “Qarabağ düşüncələri” şeirində onların hələ də əməllərini davam etdirdiklərini vurğulayır.
“Hönkür sazım” şeirində Qarabağın rənginin tamamilə solmasına sazını hönkür-hönkür ağladan Vətən təəssübkeşi İsmayıl Məhəmməd Sani Heriz ermənilərin hiyləgərliyindən, nankorluğundan, vəhşiliyindən “Qarabağın, aman hey” şeirində söz açaraq onları oxucularına yaxından tanıtmaq istəyir. Məhəmmədtağı Qasımi Neməti Aqşin Ağkəmərli isə “Xocalı” şeirində Xocalının, onun əhalisinin başına erməni faşistləri tərəfindən gətirilən fəlakətlərdən deməyə sözün, yazmağa qələmin belə ğücünün çatmamağından şikayətlənir.
Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə Əli Daşqının da qəlbini sızladıb. O, Azərbaycanın işğal edilmiş hər bir şəhər və rayonuna bir bölmə həsr etməklə 12 bölmədən ibarət böyük həcmli “Əsir torpaq-Qarabağ” adlı poema yazıb. Şair işğal altında olan şəhər və rayonların əhalisinin dərdinə yanır, düşmən tankları altında günahsız insanların, hətta uşaqların, qadınların, yaşlıların belə əzilməsi, çiçəklərin su əvəzinə insanların al qanı ilə suvarılması, yalnız canlıların deyil, cansız heykəllərin də güllələnməsi hadisələrindən dəhşətə gəlir.
“Yalan tarixin üz qarası, qara diləkli qonşunun para yanğısı” hesab etdiyi Xocalının hər daşında insan qanının izi olduğundan Ə.Daşqının ürəyi qan ağlayır. O, Xocalını “Ürəyi şan-şan olan, xalqının qanlı ayaqlarının dağlarına möhür basan şəhər!” adlandırır.
İşıq Qaradağlı – Bəhran Mustafayi bu şairlərdən fərqli olaraq birbaşa Xocalının adından danışır: “Bir gün cənnətimi talan etdilər, sanki cəhənnəmdən odlu yel əsdi. Ürəyim odlandı, nəfəsim yandı, bu zalım erməni boynumu kəsdi”.
Beynəlxalq təşkilatların susması Cənubi Azərbaycanın qələm sahiblərinin hiddətini daha da artırır. Onlar qoca-cavan, uşaq-böyük hamını ayağa qalxıb Xocalını düşməndən azad etməyə cağırırlar: “Görməsə düşməni dardan asılı, çətin ki, bağışlar bizi Xocalı...”
Azərbaycana qarşı Ermənistanın apardığı işğalçı soyqırımına göz yumulması, heç bir tədbir görülməməsi Ümüd Zəncanlının da narahatlığını artırır. O, “Qarabağım” şeirində qəzəbini qələminin gücü ilə soyutmağa çalışır: “Kar olub dünyanın qulağı bizə, yanan yox Xocalı, Şuşa, Təbrizə”.
Gündüzlər əlinə cərrah bıçağı alıb insanlara həyat bəxş edən, gecələr qələm alıb o taylı-bu taylı Vətən dərdlərindən közərən ürəyinin yanğısını vərəqlərə tökən doktor Cavad Heyəti də Azərbaycanda törədilən cinayətlərə dünyada göz yumulması hiddətləndirirdi. Onun elə dünyanın bəzi dövlət başçılarına, o cümlədən İran və Türkiyə prezidentlərinə müraciətləri bu üzdən idi. C.Heyətin Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ açıq məktubu Azərbaycan xalqına qurtuluş yolları arayan vətənpərvər yazıçının arxasında böyük dövlətlərin durduğu Ermənistanın işğalına qarşı dünya ictimaiyyətinə etiraz səsi və ədalətli tələblərin ifadəsidir. C.Heyətin böyük ürək ağrısı ilə yazdığı açıq məktubdakı: “Mən bu sözləri göz yaşlarımın qabağını ala bilmədən yazıram və bu anda Allah təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm arzulayıram” sözlərini həyəcansız oxumaq mümkün deyil.
Ümumiyyətlə, torpaqlarımıza, xalqımızın mənəviyyatına, qürur və namusuna edilən təcavüzlər Cənubi Azərbaycanda yaranmış onlarla bayatılarda öz yanğılı ifadəsini tapıb.
Azərbaycanın, İranın tarixşünaslıq elmində böyük xidmətləri olan Səməd Sərdariniya “Qarabağın keçdiyi yol” adlı əsərində tarixi həqiqətləri əks etdirən sənədlərə istinad edərək yazır: “Azərbaycanın sərhədləri Həmədandan başlayır, Əhər və Zəncani əhatə etməklə Dərbəndə qədər uzanır. Bu ərazidə yerləşən bütün şəhər və kəndlər Azərbaycan torpağı hesab olunur!”.
S.Sərdarniyanın bu əsəri erməni təcavüzkarlarının və onların havadarlarının niyyətlərini puça çıxarmaqda böyük tarixi əhəmiyyət kəsb edir.
Behrad Behradinin redaktorluğu ilə dərc edilən “Azəri” jurnalının 2008-ci il tarixli 12-ci nömrəsində cinayətkar erməni ekstremistləri və onların havadarları kəskin tənqid atəşinə tutulur. Həmin qəzetdə Cənubi Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan İsmayıl Hadi “Kənd uşağı” imzası ilə dərc etdirdiyi “Nə demişəm belə demokrasiyə” sərlövhəli yazısında erməni ekstremistlərinin törətdikləri cinayətlərə Fransada göz yumulmasını, onların qondarma erməni soyqırımını qəbul etdirmək üçün əl atdıqları fitnə-fəsadları satirik dillə ifşa edir: “...Bilirəm ki, Fransa nə desə, nə etsə təkcə insanpərvərlik üzündəndir, siyasət-miyasətlə işi yoxdur. Necə ki, azərbaycanlıların Qarabağda ermənilər tərəfindən arvad-uşaq demədən qətl edilməsini də o üzdən qınamamaqdır. Çünki ermənilər məzlum bir xalq ikən törətdikləri cinayət eyni ədalət sayılır”.
30 ildən çox Ermənistanın işğalı altında olan Qarabağ torpaqları azad edildikdən sonra da Fransa müharibənin ilk günündən olduğu kimi, yenə də pis niyyətindən əl çəkmir, Ermənistan ordusunu başdan-ayağa silahlandırmağa, yeni-yeni təcavüzkarlıqlara sövq etməyə çalışır.
1992-ci il fevral ayının 26-da tamamilə yerlə-yeksan edilən Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri ilə erməni işğalından azad edildi. “O gündən deyirəm Azərbaycanın yadından çıxmaz yalın Xocalı” – deyən Bəhram Mustafayinin sözləri yerini aldı.