Dosent: Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur



Ermənistan müharibədən məğlub çıxmış ölkə olsa da, imkanları az deyil. Əgər imkanı yoxdursa, bu ölkə böyük ordunu necə saxlaya bilir? Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən tədbirdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova səsləndirib.
Zəfərimizdən sonra ermənilərin Miatsum ideyasının artıq iflasa uğradığını vurğulayan S.Qaraşova bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsi sülh prosesinin gedişatında bir sıra mühüm amilləri ortaya çıxarıb.
O deyib: “Yeni dünya nizamı formalaşır. Azərbaycan da öz reallıqlarını yaradıb. Cənubi Qafqazda sülhün təmin olunması üçün nəqliyyat-kommunikasiya xətləri açılmalı, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri formalaşmalıdır”.