Od çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xırdalan şəhərindəki “Neptun” hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa dəvət edir.
Aksiya martın 5-də saat 14-də Xırdalan-Binəqədi şosesindəki (Respublika Dövlət Yol Polisi İdarəsinin yanı) “Neptun” hipermarketinin qarşısında keçiriləcək.