Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətlərinin nümayəndələri ilə görüş keçirilib


Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Almaniyanın aqrar sahədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərinin, bank və maliyyə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə aqrar sahədə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq davam etdirilir. Görüş iştirakçıları kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sahədə istehsalın avtomatlaşdırılması, kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri, texnoloji avadanlıqlar, gübrə təminatı, heyvandarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.