Ekspert: Fransa sülhdən danışır, amma real hərəkətləri ilə müharibəni təşviq edir


Fransa və onun əhatə dairəsində olan Qərb mərkəzlərinin davranışları məkrlidir. Onlar yaşadığımız regionda mövcud olan münaqişələrin söndürülməsi, sülhün yaradılması üçün çalışdıqlarını deyirlər və bu yöndə intensiv müzakirələr keçirirlər. Amma real addımları ilə münaqişələri qızışdırırlar, sülhün əldə edilməsinə mane olurlar. Ermənistanla Azərbaycan arasında mövcud olan durum bu mənada gerçək bir nümunədir. İki ölkə öz arasında sülh razılaşması imzalamağa çox yaxın olduğu bir vaxtda kənar müdaxilələr prosesi pozdu. Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla sövdələşərək, onun sülh əleyhinə addımlar atmasını stimullaşdırdı. Əvvəlcə Avropa İttifaqı (Aİ) adından Ermənistana “mülki missiya” adlandırılan heyət göndərildi. Amma bu missiyanın mülki libaslı hərbi kontingent olduğu üzə çıxdı. Başa vurduğumuz fevral ayında isə Fransanın Ermənistanı hərbi texnika, hətta müasir raket sistemləri ilə təmin etməsi üçün müqavilə imzalandı. Görünən budur ki, Fransa və bəzi Qərb dairələri Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayırlar. Bununla da yaradılacaq gərginlik fonunda Cənubi Qafqaza daxil olub burada öz maraqlarını təmin etməyə çalışırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Fransa və onun Avropa İttifaqındakı tərəfdarları bu kontekstdə həm də ciddi informasiya savaşı aparırlar. Onlar özlərinin real niyyətlərini gizlətməyə, mövcud problemlərə görə başqalarını günahlandırmağa səy göstərirlər. Son iki həftə ərzində bu yöndə proseslər daha da intensivləşib. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell şayiə xarakterli bəyanat yayaraq, Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etməyə hazırlaşdığını bildirib. Heç bir sənəd, sübut olmadan, əsaslandırma vermədən yayılan bu bəyanat beynəlxalq ictimai rəyi çaşdırmağa hesablanıb. Fransa və Aİ-nin planları gələcəkdə Cənubi Qafqazda yarana biləcək gərginliyə görə Azərbaycanı təqsirkar göstərmək niyyəti güdür.
“Təəssüf doğuran məqamlardan biri də odur ki, Qərb mediası bu cür riyakar siyasi oyunlarda alət kimi çıxış edir. Həqiqətləri yazmaq, göstərmək əvəzinə, vəziyyəti gərginləşdirir. Onların araşdırmalı, aydınlıq gətirməli olduqları məqamlar çoxdur. Məsələn, araşdıra bilərlər ki, Fransa və ya Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyü uğrunda savaşını dəstəklədikləri halda, eyni savaşa görə Azərbaycanı nə üçün qınaq hədəfinə çevirirlər? Ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırmaqda nə məqsəd güdürlər? İslamofob düşüncə ilə prosesləri hara sürükləyirlər? Fransa və tərəfdarları öz maraqlarını təmin etmək naminə qeyri-ənənəvi, hüquqazidd metodlardan faydalanırlar. Bununla da nəinki regionda, bütün dünyada yanlış tendensiyaların əsasını qoyurlar”, - deyə M. Ələsgərli vurğulayıb.