BBMM-in icraçı direktoru: Azərbaycan dini inanclara çox həssaslıqla yanaşır


Azərbaycan dini inanclara çox həssaslıqla yanaşır və ölkəmizin qlobal problemlərə münasibəti ədalət çərçivəsindədir.
AZƏRTAC xəbər verir ki, bunu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov deyib.
Bu konfransın təşkili ilə bağlı iki yanaşma olduğunu diqqətə çatdıran Rəvan Həsənov əlavə edib: “Ümumiyyətlə, burada məqsəd İslamofobiya ilə bağlı Qərb ölkələrinin çirkin niyyətlərini ifşa etməkdir. Burada söhbət təkcə bizim ölkədən getmir. Digər ölkələrdə də İslam dininə inanan insanlar təzyiqə məruz qalırlar. Düşünürəm ki, Bakıda keçiriləcək konfrans ədalətsizliyə qarşı bir platforma rolunu oynayacaq”.
BBMM-in icraçı direktorunun sözlərinə görə, konfransdan sonra yeni koordinasiyalı fəaliyyət, layihələr meydana çıxa bilər.