Zurabişvili bu qanuna veto qoydu
Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin “Gürcüstan Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” üçüncü oxunuşda qəbul etdiyi qanun layihəsinə veto qoyub.
Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, yeni qanunda mübahisə yaradan əsas məqam Mərkəzi Seçki Komissiyasının (MSK) təşkili ilə əlaqədardır.
Prezidentin parlamentə təqdim etdiyi məktubda deyilir: “MSK sədrinin və üzvlərinin seçilməsi məsələsində parlamentin üçdə ikisi ilə konsensus əldə etmək mümkün olmadıqda təklif edirik ki, MSK sədri və peşəkar üzvləri beşdə üç səs çoxluğu (xalq müdafiəçisinin seçilməsi üçün müəyyən edildiyi kimi) ilə seçilməlidir. Bu da mümkün olmadıqda, namizəd ikidə bir səs çoxluğu ilə 6 ay müddətinə seçilir”.
Zurabişvili, həmçinin bildirir ki, MSK-ya yüksək etimadın təmin edilməsi üçün Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi müxalifət partiyaları tərəfindən təyin edilmiş MSK üzvləri arasından seçilən sədr müavini vəzifəsinin saxlanılması vacibdir.
Qeyd edək ki, parlament fevralın 20-də dəyişiklikləri üçüncü oxunuşda 81 səs çoxluğu ilə qəbul edib.
Yeni qanuna görə, MSK sədri və Peşəkar üzvlərin seçilməsi proseduru və kvorum yenidən dəyişdirilib. Bundan başqa, müxalifətin kvotasını təmsil edən MSK sədrinin müavini vəzifəsi də ləğv edilib.