İmamoğlu əmlak və maliyyə vəziyyətini açıqladı - Silahı da VAR
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri və sədrliyə yenidən namizəd olan Cümhuriyyət Xalq Partiyasından (CHP) siyasətçi Ekrem İmamoğlu özünün və həyat yoldaşının maliyyə və əmlak vəziyyətini açıqlayıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlunun Beylikdüzündə alış qiyməti 180 min və 160 min TL (türk lirəsi) olan iki mağazası və alış qiyməti 1 milyon 15 min TL olan bir evi var.
Böyükçekmecedə alış qiyməti 152 min TL və 125 min TL olan daha iki mağaza var. İstanbul merinin Beylikdüzündə alış qiyməti 200 min TL və 30 min TL olan iki torpaq sahəsi də var.
Bundan başqa, İmamoğlunun Çanakkalenin Eceabat rayonunun Biqalı kəndində 55 min lirə dəyərində evi və ferması, Balıkesirin Edremit rayonunda 1 milyon 744 min lirəlik torpaq sahəsi, Trabzonun Ortahisar rayonunda 360 min lirəlik ofisi və 150 min lirəlik dükanı var.
Onun aktivləri arasında Çanakkalenin Bayramiç rayonunda 320 min lirə dəyərində tarla və Balıkesirin Edremit rayonunda 277 min lirəlik kirayəlik ev və torpaq sahəsi də var.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun Beylikdüzündə 160 min TL dəyərində dükanı və 205 min TL dəyərində torpaq sahəsi var. Onun Muğlanın Bodrum rayonunda 680 min TL dəyərində evi var.
Bundan əlavə, Dilek İmamoğluna Trabzon Ortahisarda hörgü evi və torpaq sahəsi, torpaq sahəsi, hörgü dükanı və Çarşıbaşında fındıq bağı və tarla miras qalıb.
254 min TL dəyərində 2013-cü il istehsalı olan "Volkswagen" markalı avtomobil də Dilek İmamoğlunun adına qeydiyyatdadır. Ekrem İmamoğlu isə 2008-ci ildə aldığı 8 min TL dəyərində "Sigsauer" markalı silaha sahibdir.
İmamoğlunun "Yapı Kredi" Bankında 562 min TL, "Vakıfbank"da isə 8 milyon 166 min 645 TL pulu var. Dilek İmamoğlunun isə "Garanti Bank"da 395 737 dollar və 52 qram qızılı var.
Cütlüyün 279 584 TL dəyərində brilyant komplekti, 204 min TL dəyərində qızıl bilərziyi, 92 min TL dəyərində qızılı, 227 min TL dəyərində müxtəlif qızıl-zinət əşyaları var.
Qeyd edək ki, bundan əvvəl CHP-ni təmsil edən Ankara bələdiyyəsinin sədri və yenidən sədrliyə namizəd Mansur Yavaş da özü və həyat yoldaşının maliyyə və əmlak vəziyyətini açıqlamışdı.