“SOCAR Türkiyə” Bursa və Kayseridə qazpaylayıcı şəbəkələrə əlavə sərmayələr yatıracaq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə kompaniyası olan “SOCAR Türkiyə” qardaş ölkənin Bursa və Kayseri vilayətlərində qazpaylayıcı şəbəkələrə əlavə sərmayələrin yatırılmasını planlaşdırır.
Bu barədə jurnalistlərə “SOCAR Türkiyə”nin Təbii qaz şöbəsinin rəhbəri Fuad İbrahimov məlumat verib. Onun sözlərinə görə, yeni sərmayələr sayəsində həmin regionda paylayıcı qaz xətlərinin uzunluğu ilin sonunda 14 min 770 kilometrə çatacaq.
F.İbrahimov xatırladıb ki, “SOCAR Türkiyə” kompaniyasının Təbii qaz şöbəsi 2029-cu ildə yaradılıb və bugünədək “Bursagaz” və “Kayserigaz” şirkətləri ilə topdan tədarük və təbii qazın paylanılması üzrə kontraktlar imzalanıb. “Bu kontraktlar əsasında həmin iki vilayətdə 1,9 milyon abonentə xidmət göstəririk. Onların 1,2 milyon nəfəri təbii qazı Türkiyənin ən böyük dördüncü şirkəti olan “Bursagaz”dan alır”, -deyə şöbə müdiri əlavə edib.
“SOCAR Türkiyə” kompaniyasının nümayəndəsi qeyd edib ki, onun təmsil etdiyi şirkət 2019-2023-cü illərdə “Bursagaz” və “Kayserigaz”a təqribən 170 milyon dollar sərmayə yatırıb. O, həmçinin diqqəti Türkiyənin qazpaylayıcı şəbəkələrinin genişləndirilməsi templərinə çəkib. F.İbrahimov deyib: “2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisinin 84 faizi təbii qazdan istifadə edir, ümumilikdə isə son on ildə bu ölkədə qaz abonentlərinin sayı ildə orta hesabla 1 milyon nəfər artıb”.