parıcı Vüsalə Kərimova reanimasiyada olan atası, Əməkdar artist Vaqif Kərimov haqqında sərt ifadələr işlədib.
AzBaku.info Oxu.Az-a istinadən xəbər verir ki, sosial media hesabında onu atasına qarşı biganə olmaqda günahlandıran insanlara qarğış edib və keçmişi haqqında hər kəsdən gizlətdiyi etiraflar edib:
“Kimlər bilir, nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır! Qarşınızda həmişə dik durdum deyə, heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən... içdən, bir sükutla, sadəcə, susaram... İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm!
Mən 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim, biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım...
Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!
Mən ata deyib, göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!
Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi!
Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim... Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim... Amma siz nə etdiniz?
Xəbərləriniz reytinq versin deyə başqasının həyatını manşet etdiniz! Məni günahlandırdınız! Edin! Artıq nə istəsəniz, edin! Halbuki Allah bilir nə çəkdiyimi! Allah ürəyimdən su içirtsin məni qınayanlara! Allah yaşadığımı yaşatsın məni günahlandıranlara!
Allah gözündə kədər qoysun bir ömür boyu məni qınayanların... O zaman məni anlayarsınız... İndi siz cavab verin, atam gəlib atasızlığımı atasız günlərimdən qova bilərmi?
P.S. Bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!”
Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının aktyoru Vaqif Kərimovun Vüsalənin atası olması ilə bağlı xəbəri “Qafqazinfo” saytı yayıb.