İyunun 11-də Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirildi.
Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva qonaqları qəbul etdi, rəhbərlik etdiyi kollec haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir. Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisisədir. Tələbələrimiz ARDNŞ “Azərikimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, ”Nursoft“ MMC müəssisələrində istehsalat təcrübəsində olurlar. Bu da tələbələrimizin gələcəkdə təcrübəli kadr kimi formalaşmasına xidmət edir.
Dosent Mətanət Pirquliyeva imtahanların təşkili barədə də məlumat verərək bildirdi ki, kollecdə yaz semestrinin imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il 354 nömrəli “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il 354 nömrəli “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər ediməsi barədə 11 yanvar 2018-ci il 9 nömrəli Qərarına uyğun həyata keçirilir. 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramovun F-354 nömrəli 14.05.2018-ci il tarixli əmrini rəhbər tutaraq kollecdə 32-k nömrəli 15.05.2018-ci il tarixli əmrlə “İmtahan qərargahı” yaradılmışdır. Bir sözlə imtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında həyata keçirilib. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə kollecdə “Təklif və iradlar qutusu” asılıb. Dosent Mətanət Pirquliyeva onu da qeyd etdi ki, sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır. İmtahanlar başa çatdıqdan sonra İmtahan Komissiyası tərəfindən kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır.Tədris planlarına uyğun olaraq, kollecdə mövcud olan bütün ixtisaslarda imtahan sessiyası iyunun 1-dən iyulun 1-dək davam edəcək. Kollecdə yaz semestrində tədris planlarına uyğun olaraq 11 ixtisas üzrə 150 fəndən 283 imtahan keçiriləcəkdir.
Sonra kollecin Tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələri auditoriyalarda imtahanların gedişini izlədilər, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə etdilər.
Müşahidəçilər kollecdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildirdilər.
Onu da qeyd edək ki, Sumqayıt Dövlət Texniki Kollecin direktoru dosent Mətanət Pirquliyeva keçirilən imtahanları nəzarətdə saxlayır, mütəmadi imtahan zallarına baxış keçirir, imtahanın gedişini izləyir. O, imtahanlara nəzarət edən İşçi qrupu və operativ qərargahın üzvləri ilə görüşür, nəzarətçilərlə söhbətlər aparır, onların imtahanların gedişi ilə əlaqədar fikirlərini, təklif və iradlarını dinləyir.