Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb - YENİLƏNİB

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.

Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.

Prosesdə zərərçəkmiş şəxs iştirak etmədiyi üçün iclas noyabrın 8-nə təxirə salınıb.

Vəkil Cavanşir Məmmədov bildirib ki, Ə. Salahzadə özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.