r

Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır? - ARAŞDIRMA


Fevralın əvvəlindən Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb. Tarif Şurası gedişin maya dəyərinin baha başa gəlməsini əsas gətirib.

İctimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib.

Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.

Mətbuat 2 ildir ki, "K Group" MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə aid olduğu barədə yazır. Reyestr məlumatlarından görünür ki, şirkətin hüquqi ünvanında digər şirkət "GMSA" MMC qeydiyyatdan keçib. Vüsal Kərimli GMSA MMC-nin direktoru olub.

Toplum TV-nin sorğusuna cavabda Bakı Nəqliyyat Agentliyi vaxtilə Vüsal Kərimlinin hər iki şirkətin təsisçisi olduğunu təsdiqləyib:

"Bu barədə məlumatı yayanlar əsasən İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə istinad edirlər. Lakin elə dövlət reyestrinin məlumatında da qeyd olunduğu kimi MMC 2014-cü ildə təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edildiyi üçün Vüsal Kərimli hər iki MMC-dəki fəaliyyətini dayandırıb".

Qurum bildirib ki, Vüsal Kərimlinin daha o şirkətlərə aidiyyatı yoxdur, Amma agentlik qurum rəhbərinin özəl biznesdən dövlət sektoruna keçərkən şirkəti satıb satmadığı, yaxud kimə ötürdüyü barədə heç bir məlumat vermir. Reyestr məlumatlarına görə, "K Group" MMC-nin hüquqi ünvanı hələ 20 yanvar küçəsi 3 mənzil 13-dür. Müxbirimiz ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu yəni BNA sədri olduğunu görüb.

Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Məsələ bununla bitmir. Vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.

Vüsal Kərimlinin rəhbərlik etdiyi K Group isə 2015-ci ildən Bakı Karta ödənişli xidmət həyata keçirir. Bu durum Kərimli 2016-cı ildə BNA-ya rəhbər gələndən sonra da dəyişməyib.

BNA-nın başqa podratçı tapması mümkün idimi? İqtisadçı ekspertlər bu xidməti böyük sərmayə tələb etmədən təminatlı gəliri olan fəaliyyət kimi qiymətləndirir.

İqtisadçı Toğrul Vəliyev deyir ki, 2015-ci ildə "K Group"un Bakı Kart üçün texniki dəstək göstərən şirkət olaraq seçilməsi də qeyri-şəffaf olub.

Toğrul Vəliyev deyir ki, bu sahədə rəqabət üçün başqa şirkətlərə imkan verilməyib. Verilsəydi, ən azı kart ödənişi xidmətində daha ucuz təklifləri nəzərdən keçirmək olardı. Hələliksə, himayəçisi olan, rəqibi olmayan şirkətin aldığı 5 faiz gediş haqqina, yəni vətəndaşın cibinə şərik olur.


{sape_links}{sape_article}