Azərbaycanda #TikTokdanÖyrən layihəsinə start verilib


TikTok Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər yerindən istifadəçilərə rahat qısa video formatında biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır.
Layihə çərçivəsində ən yaxşı təhsil məzmunlu videoları yaradan TikTok istifadəçiləri platformadan mükafat olaraq iPhone qazanacaqlar.
TikTok qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platformadır, burada dünyanın hər yerindən 1 milyarddan çox istifadəçi hər gün nəinki əylənmək, həm də yeni bir şey öyrənmək üçün daxil olur. TikTok-da təhsil məzmununa maraq son bir neçə ildə həm dünyada, həm də Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Belə ki, keçən il #kitabfest ədəbi layihəsi izləyicilərin diqqətini cəlb edib, bu layihə çərçivəsində Azərbaycanın hər yerindən istifadəçilər kitab tövsiyələrini bölüşüb, sevdikləri ədəbi əsərləri müzakirə edib, Bakıda keçirilən Milli Kitab Sərgisindən aldıqları təəssüratlardan danışıb və daha çox oxumaq üçün bir-birini ruhlandırıb.
Dünyanın hər yerindən təhsil məzmununu sevənləri artıq milyonlarla maarifləndirici videoda #LearnOnTikTok həştəqi birləşdirir. Bu həştəqdən istifadə edərək istifadəçilər xarici dilləri öyrədir, “lifehack”lər, gözəllik dərsləri, ləzzətli reseptlər və digər bilik və bacarıqları paylaşırlar.
Bu gün TikTok #LearnOnTikTok qlobal fenomenindən ilhamlanan və TikTok vasitəsilə öyrənmək və üfüqlərini genişləndirmək üçün Azərbaycandakı istifadəçilər icmasına dəstək olmaq məqsədi daşıyan #TikTokdanÖyrəntəşəbbüsünü təqdim edir. Təşəbbüsün bir hissəsi olaraq istifadəçilər layihə həştəqindən istifadə edərək müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşmağa dəvət olunur: məişət “lifehack”ləri, üslub və gözəllik üzrə tövsiyələr, kulinariya reseptləri və fitnes təlimlərindən tutmuş elmi biliklərə, müxtəlif fənlər üzrə dərslərə və mədəniyyət haqqında videolara qədər. İstifadəçilər üç kateqoriya üzrə ən yaxşı videolar üçün müsabiqədə iştirak edə bilərlər: “Ən yaradıcı video” - iştirakçının materialı ən yaradıcı şəkildə təqdim etdiyi video, “Ən yaxşı video” - müsabiqə dövründə ən çox baxış toplayan video, "TikTok-da kəşf" müsabiqə dövründə bütün iştirakçı videolar arasında ən çox baxış toplayan yaradıcı müəllif.
Hər kateqoriya üzrə qaliblər TikTok-dan iPhone smartfonu hədiyyə qazanacaqlar. Müsabiqədə iştirak etmək üçün istifadəçilər müsabiqənin mövzusuna uyğun olaraq ən azı 30 saniyəlik maarifləndirici video çəkməli, həmçinin fevralın 21-dən aprelin 21-dək #TikTokdanÖyrən həştəqi ilə öz hesablarına yerləşdirməlidirlər.
Qaliblər aprelin 30-dək layihənin TikTok səhifəsində elan olunacaq.
Layihənin yaranmasında təşəbbüs Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələri, o cümlədən muzeylər və teatrlar iştirak edir. Məsələn, Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını nümayiş etdirir, Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərdən danışır, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir. Dövlət Akademik Rus Dram Teatrı istifadəçilərə tamaşaların necə yaradıldığını, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların necə məşq etdiyini, Dövlət Akademik Milli Dram Teatrı aktyorların qrimdən tutmuş rola tam hakim olmağa kimi tamaşaya hazırlıq prosesini göstərir və Dövlət Akademik Musiqili Teatrının aktyorları öz işlərinin necə qurulduğunu paylaşırlar.
"TikTok ilə əlaqəli layihələrin dəstəklənməsi bizə geniş auditoriyaya çatmağa və mədəni ifadənin müasir formaları ilə fəal şəkildə əlaqə yaratmağa imkan verir. Bu, həmçinin müasir tendensiyalara və cəmiyyətin maraqlarına uyğunlaşaraq mədəniyyət sektorunda müxtəlifliyi və yeniliyi təşviq edir. Bütövlükdə layihə Azərbaycanın mədəni irsi və kreativ ideyaları ilə TikTok platformasında əlaqə yaratmaq üçün unikal imkanlar yarada, məzmunu yerli auditoriya üçün daha əlçatan və cəlbedici edə bilər. TikTok platforması yaradıcılıq və innovasiya mərkəzidir. Əməkdaşlıq Azərbaycan auditoriyasının mədəniyyətini və maraqlarını əks etdirən cəlbedici və kreativ məzmunun yaradılmasına təkan verə bilər”, - deyə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib.
“Biz görürük ki, Azərbaycanda istifadəçilər getdikcə daha çox TikTok-a yalnız əylənmək və yaxşı vaxt keçirmək üçün deyil, həm də yeniliklər öyrənmək və faydalı məlumatlar əldə etmək üçün daxil olurlar. Ümid edirik ki, #TikTokdanÖyrən layihəsi ölkənin hər yerindən daha da istedadlı yaradıcılara bilik, mədəniyyət yaymaq, məlumatları bölüşmək və ölkədəki istifadəçiləri inkişafa ruhlandırmaq üçün ilham verəcək”, - deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Yekaterina Blinets deyib.
Qeyd edək ki, TikTok aparıcı qısa video tətbiqidir. Məqsəd insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.