Həkim-ftiziatr: İctimai nəqliyyatdan istifadə etdikdən sonra mütləq əlləri sabunlamaq lazımdır


İstər virus olsun, istər bakteriya, hər bir infeksion xəstəliyin törədicisinin müxtəlif mühitlərdə müəyyən müddət ərzində yaşama müddəti var. Xəstəlik törədiciləri mühitdən asılı olaraq bir neçə saatdan bir neçə ilə qədər yaşaya bilər.
Bunu 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi, həkim-ftiziatr Afət Novruzova AZƏRTAC-ın ictimai nəqliyyatda tutacaqdan istifadə edərkən hansı xəstəliklərə yoluxmaq olar sualını cavablandıraraq deyib.
A.Novruzova bildirib ki, vərəm çöpü kapsulası soyuqda da, istidə də illərlə qala bilir. Bununla yanaşı, bəzi növlər də var ki, onlar cüzi bir istidən məhv olur.
Vərəmdən tutmuş qripə qədər, hər hansı infeksion xəstəliyə yoluxmuş bir insan öskürdükdə, asqırdıqda əli ilə ağzını tutsa belə, daha sonra həmin əli ilə ictimai nəqliyyatda tutacaqdan istifadə edir. Yaxud da mədə-bağırsaq pozuntusu, bədənində parazit (qurd) olan böyük, yaxud kiçik fərdlər ayaqyoluna girdikdə kirli əllə qapının dəstəyini tutub açırlar. Şəxslər əllərini yuyub çıxdıqdan sonra təmiz, steril saydığı əlləri ilə yenidən həmin çirkli yerə toxunurlar. Bu səbəbdən təkcə ictimai nəqliyyatdakı tutacaqlarda yox, belə situasiyalarda da yoluxmalar ola bilir.
Biz ictimai nəqliyyatdan istifadə edərkən dəqiq bilmirik ki, bizdən əvvəl o tutacaqdan hansı infeksion xəstəliyi olan şəxs tutub. Buna görə də ictimai nəqliyyatdan istifadə etdikdən sonra mütləq əlləri sabunlamaq lazımdır. Əks təqdirdə, viral, bakterial, parazitar xəstəliklərə, başqa sözlə, demək olar ki, bütün infeksion xəstəliklərə yoluxma ehtimalı həddindən artıq çoxdur.
“Tövsiyə edilir ki, yanınızda spirt və antiseptik yaş salfetlər götürəsiniz. Məsələn, avtobusdan düşən kimi dərhal nəm salfetlə əlləri silib daha sonra spirtlə dezinfeksiya da etmək olar. Lakin vurğulamaq istəyirəm ki, hər infeksion xəstəlik törədicisi spirt ilə məhv oluna bilməz. Əslində, insanların ictimai nəqliyyatda infeksion xəstəliyə yoluxmaması üçün tutacaqlar və nəqliyyat vasitəsinin başqa hissələri müntəzəm olaraq təmizlənməlidir,” – deyə həkim-ftiziatr bildirib.