ABŞ-də "TikTok" qadağan edilə bilər - Konqres "HƏ" dedi

Martın 13-də ABŞ Nümayəndələr Palatası "TikTok" platformasının sahibi Çinin "ByteDance" şirkətinin altı ay ərzində Amerikadakı biznesini ana şirkətdən ayırmağı tələb edən qanun layihəsini təsdiqləyib.
 
Modern.az xəbər verir ki, Nümayəndələr Palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65-i isə əleyhinə səs verib.
 

Çin şirkəti qanunun tələblərini yerinə yetirməsə, "TikTok" ABŞ-də qadağan edilə bilər.
 
Ötən həftə Konqresə təqdim edilən qanun layihəsinin müəlliflərinin fikrincə, Çin hökuməti amerikalıların məlumatlarını toplamaq üçün "TikTok"dan istifadə edə, həmçinin ABŞ-də ictimai rəyə təsir göstərə bilər.
 
Lakin qanun layihəsi hələ Senat tərəfindən təsdiqlənməlidir. Müşahidəçilər qeyd edir ki, bir çox senatorlar xarici şirkətlərin işini tənzimləmək üçün bu cür üsullara qarşı çıxırlar.
 
"TikTok"dan isə bildirilib ki, bu qanun layihəsi platformanın qadağan edilməsinə yönəlib, "hökumət bununla 170 milyon amerikalını (ABŞ-da TikTok istifadəçilərinin sayı) konstitusion hüququndan məhrum etməyə çalışır".
 
Amerikada "TikTok"a qarşı ilk qadağalar 2020-ci ildə ovaxtkı prezident Donald Tramp tərəfindən tətbiq edilib. Administrasiya federal qadağa tətbiq etməyə çalışıb, lakin "TikTok" məhkəmə prosesləri ilə bunun qarşısını alıb. 
 
Co Bayden seçildikdən sonra bu proqramın dövlət işçilərinin rəsmi cihazlarında istifadəsini qadağan edən fərman verilib, bundan sonra ABŞ-ın 34 ştatının hakimiyyət orqanları yerli məmurlar üçün oxşar qadağalar tətbiq edib.
 
Montana ştatı hətta proqramın bütün şəxsi cihazlarda quraşdırılmasını qadağan edib.