Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
COP29 ilə bağlı hazırlıq işlərindən danışan nazir ölkəmizin COP29-a sədrliyinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində müxtəlif tərəflərlə substantiv danışıqlar prosesini apardığı, eyni zamanda, zəruri təşkilati tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən Ceyhun Bayramov Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtinasının vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini deyib. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.