Rusiyada prezident seçkiləri çox yaxşı səviyyədə təşkil olunub, demokratik şəraitdə keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə söyləyib.
Azərbaycan nümayəndə heyətinin müşahidə üçün olduğunu Moskvadakı 1236 saylı məktəbdə yaradılmış 584 saylı seçki məntəsində prezidentliyə namizəd Leonid Slutski də səs verib.
“Seçkilər sakit, demokratik şəraitdə keçir, çox yaxşı səviyyədə təşkil olunub. Maraqlı bir neçə yenilik var. Məsələn, hələ pandemiya dövründə Rusiyada elektron format yaradılmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq, prezident seçkilərində də tətbiq edilib və yaxşı nəticələr var. Biz bir neçə məntəqədə olmuşuq. Seçici fəallığı yüksəkdir, heç kimə təzyiq göstərilmir. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bunlar da təmkinlə həll olunub”, - deyə H.Hüseynova bildirib.
Seçkilərdə bir çox ölkələrdən nümayəndə heyətlərinin müşahidə apardıqlarını söyləyən deputat qeyd edib: “Hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə böyük diqqət ayrılır. Bu da təbiidir. Azərbaycan ilə Rusiya, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza malikdir.
O, həmçinin Azərbaycan nümayəndə heyətinin bir neçə məntəqədə olacağını, martın 18-də isə Dövlət Dumasının bir neçə komitə sədri ilə görüşlər keçirəcəyini diqqətə çatdırıb.
Azərbaycanlı müşahidəçilər qrupunun digər üzvü, Milli Məclisin deputatı Rüfət Quliyev Rusiyada çox işgüzar və sakit mühitin hökm sürdüyünü, vətəndaşların fəallığının yüksək olduğunu bildirib.
Deputat qeyd edib ki, bu gün bir çox ölkələrdə ən böyük problem elektoratın fəallığının aşağı səviyyədə olmasıdır.
“2008-ci ildən Parlamentlərarası Assambleyanın xətti ilə MDB ölkələrində seçkilərində müşahidəçi kimi iştirak edirəm. MDB ölkələrində seçici fəallığı 60-70 faizi keçir. Bu gün bir neçə seçki məntəqəsinə baş çəkdik. Prezidentliyə namizəd Slutski ilə görüşdük. Sabah kifayət qədər işgüzar gün olacaq”, - deyə deputat qeyd edib.