Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti Ermənistan və onunla həmsərhəd mövqedə yerləşən bütün ölkələr üçün ciddi təhlükədir. Bu, növbəti Çernobıl və ya Fukusima hadisəsi kimi fəlakət törədə biləcək, partlamağa hər an hazır ipi çəkilmiş dinamit kimidir.
Bunu AZƏRTAC-a “Sağlamlığa Xidmət” İctimai Birliyinin rəhbəri Pərvanə Vəliyeva Metsamor AES-in region üçün yaratdığı böyük nüvə təhlükəsi ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladığı açıq məktubu şərh edərək deyib.
Məktub müəlliflərindən biri olan P.Vəliyeva deyib: “Metsamor atom stansiyası 1976-cı ildə inşa edilib, qəzalı vəziyyətdədir, köhnə texnologiya ilə işləyir və Ermənistan hökuməti, görünür, onun yenidənqurma işlərinə maraqlı deyil. Ümumiyyətlə, Ermənistan kimi kasıb ölkənin elə bir resursu və imkanları da yoxdur ki, bu stansiyanı ən son texnologiya ilə təchiz etsin və yeniləsin.
Digər tərəfdən, stansiya 9.5 ballıq seysmik zonada yerləşir və tektonik tavalarda hər hansı hərəkətlənmə region üçün nüvə partlayışı təhlükəsini daha da artıra bilər.
Vətəndaş cəmiyyəti təşkilatları olaraq Yer kürəsində nüvə problemlərinin müzakirə olunduğu Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə ünvanladığımız müraciətdə də məhz bu təhlükələrin nəzərə alınaraq tədbir görülməsini istədiyimizi bildirmişik.
Stansiyanın tullantılarının toplandığı poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, tullantıların yerləşdirilməsi ilə bağlı problemlər mövcuddur. Stansiyanın fəaliyyəti texniki ekspertizadan keçirilməli və nəticələr ictimaiyyətlə bölüşülməlidir.
Bu, Ermənistanın regionun ətraf mühitini təhdid etməsinə dair onsuz da ilk fakt deyildir, onun Azərbaycanla transsərhəd mövqedə olan çayları çirkləndirməsi uzun illərdir ki, davam edir. Araz çayı ağır metal tullantıları, zəhərli, kimyəvi maddələrlə qəsdən çirkləndirilir ki, bu da Azərbaycan əhalisinin həyatına qəsd, iqtisadiyyatına ziyan vurmaq məqsədilə edilir.
Ermənistan anlamalıdır ki, ətraf mühiti çirkləndirməklə ölkəmizə qarşı törətdiyi qəsd elə onun öz əhalisinə və ölkəsinə də ziyan verir və bunun uzunmüddətli fəsadları regiondan kənarda yerləşən digər dövlətlərdə də ortaya çıxa bilər.
Qlobal səylər və həmrəylik tələb edən ətraf mühit məsələləri ilə, iqlim dəyişikliyi ilə mübarizədə dünya dövlətlərinin birləşdiyi bir dövrdə, Ermənistanın ekosistemi təhdid edən bu cür məsuliyyətsiz davranışları onun qlobal öhdəlikləri yerinə yetirməkdə nə qədər sinifdə qaldığını, məsələnin ciddiyyətini və mahiyyətini hələ də anlamadığını göstərir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu məsələyə ciddi diqqət yetirməlidir, o cümlədən, sözügedən stansiyanın fəaliyyətinin mənfi təsirinə məruz qalan ölkə kimi Azərbaycanla sıx əməkdaşlıq edə bilər”.