Antonio Koşta: Aİ Ukraynaya yardım göstərməyə davam edəcək
Avropa İttifaqı (Aİ) Ukraynanın sülhə nail olmaq səylərinə dəstək məsələsində birliyini ifadə edib.
Bunu Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair ilk dəfə sədr kimi çıxış edən Antonio Koşta bildirib.
O deyib ki, görüşün əsas mövzuları Ukrayna və Avropa İttifaqının dünyada rolu olub.
A.Koşta vurğulayıb ki, bu həftə artıq təşkilatın Ukraynaya dəstək tədbirləri çərçivəsində Rusiyaya qarşı 15-ci sanksiyalar paketi təsdiqlənib.
"Bu paket sanksiyalardan yayınmanı məhdudlaşdırır, xüsusilə "kölgə donanması" adlanan məsələyə qarşı yönəlib", - o bildirib.
A.Koşta qeyd edib ki, Aİ ölkələri 2025-ci ildə Ukraynaya maliyyə dəstəyi olaraq 30 milyard avro ayıracaq və "birbaşa və ya dolayı yolla müharibənin beynəlxalq eskalasiyasına şərait yaradan, eləcə də Rusiyanı dəstəkləməklə sülh və təhlükəsizliyə zərər vuran" şəxslərə təzyiqi artıracaq.