Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının D divizionunun III qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Malta, Farer adaları və Kosovodur.
Oxu.Az bu komandalardan yalnız sonuncular bizim üçün yeni rəqib sayılır. Balkan təmsilçisi ilə fevralın 2-də Antalyaya təyin olunmuş yoldaşlıq oyunu da ləğv edilib.
Digər 2 komanda ilə isə əvvəllər də qarşılaşmışıq. Farer adaları yığmamızın tarixinə düşməyi bacarıb.
Cəmi 1 dəfə görüşdüyümüz şimallılar millimizin tarixində ilk böyük hesablı qələbənin qurbanı olublar. 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində keçirilən yoxlama oyununda komandamız 3 cavabsız qol vurub. Kazbek Tuayevin baş məşqçisi olduğu millinin qollarından birini indiki çalışdırıcı Qurban Qurbanov vurub. O, 30-cu dəqiqədə fərqlənib. Digər iki qolu Vyaçeslav Lıçkinlə Yunis Hüseynov vurub.
27 fevral 1996. Larnaka. YO. Azərbaycan – Farer adaları – 3:0
Malta ilə daha çox – 6 dəfə görüşmüşük. 1994-cü ildən tanış olduğumuz bu rəqib həmin vaxt yığmamızı 5 cavabsız qolla məyus edib. Ümumiyyətlə ilk 3 oyunda ada təmsilçisi bizə quru hesabla qalib gəlib.
Sonrakı 3 görüşdə isə millimiz 2 qələbə qazanıb, 1 heç-heçə edib. Top fərqi də rəqibin xeyrinədir– 11:7. Yığmamız 2 böyük hesablı məğlubiyyətin əvəzini 1 belə qələbə ilə çıxıb. Bu 6 matçdan 4-ü yoxlama, 2-si seçmə xarakterli olub.
19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan – 5:0
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan – 3:0
17 aprel 2002. Ta Qali. YO. Malta – Azərbaycan – 1:0
14 avqust 2013. Bakı. YO. Azərbaycan – Malta – 3:0
28 mart 2015. Bakl. AÇ. Azərbaycan – Malta – 2:0
6 sentyabr 2015. Ta-Qali. AÇ. Malta – Azərbaycan – 2:2