
Ukrayna ABŞ-ın bir aylıq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatı təmin etməsi müqabilində Rusiyanın neftayırma zavodlarına hücumları bir ay müddətinə dayandırmağa hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə Rusiyanın neftayırma zavodlarına zərbələr məsələsini dəfələrlə müzakirə edib.
“Rusiyanın enerji infrastrukturumuza hücumlarından, insanlarımızı öldürməsindən, elektrik şəbəkəmizə, qaz infrastrukturumuza və neftayırma zavodlarımıza zərbələr endirməsindən sonra biz cavab verməyə bilmərik”, – Ukrayna Prezidenti vurğulayıb.
Zelenski bildirib ki, Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları dayandırması üçün iki variant var: Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırması və ya ABŞ-ın Kiyevə “Patriot” sistemləri üçün raketlər verməsi.
“Əgər Rusiyanın neftayırma zavodlarına hücum etməməyimizi istəyirsinizsə, onlar da bizim enerji sistemimizə hücum etməməlidirlər. Digər variant isə bizə “Patriot” raketləri verməkdir. Bunun pulunu tapacağıq, söhbət yalnız yardımdan getmir, onların haqqını ödəyəcəyik”, – Zelenski bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 500 ədəd “Patriot” raketinin satışını təsdiqləyib. Bununla belə, Zelenski həmin raketlərin çatdırılmasının bir neçə il çəkə biləcəyini bildirib.


