
Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin “Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə təşkil olunub. Qurumun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Bir il sonra isə Azərbaycan və Türkiyənin dövlət başçıları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar.
Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər. “Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Avropanın bazarının mühüm qaz tədarükçülərindən birinə çevrilib.
Məcidov Raqil Yaşar oğlu – Masallı rayon Qəriblər kəndi

