Fədayə Laçından etiraf: Qaçan məhbusla bir neçə ildir sevgiliyik – TƏFƏRRÜAT

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.

AzBaku.info Report-a istinadən xəbər verir ki, ötən gün Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".

***

11:59

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbsinə münasibət bildirib.

AzBaku.info Qafqazinfo-ya istinadla xəbərinə görə, o, “Xəzər Xəbər”ə açıqlamasında qeyd edib ki, məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Ağstafa rayonunda Etibar Məmmədovun yanında Fədaya Laçın yox, Günay Atakişiyeva adlı qadın olub.

Qeyd edək ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman avtomobil bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən avtomobil saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü avtomobili sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan avtomobili təqib ediblər. Sürücü avtomobili rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və avtomaşını saxlayıb.

Bu zaman “Qoca” avtomaşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib.

***

11:22

Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, o, məhkəmədə verdiyi ifadəsində məhbuslara kömək etmədiyini deyib. “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”, - deyə müğənni bildirib.

Qeyd edək ki, F. Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

10:05

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur.

AzBaku.info xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirirlib.

Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.

AzBaku.info

Mövzu ilə əlaqədar
Fədayə Laçın necə həbs olundu? - FİLM KİMİ TƏFƏRRÜAT
Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama – RƏSMİ + YENİLƏNİB