Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin bu mövsümdə Milli Məclisdə müzakirəyə çıxarılacağı ehtimalı var. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bir müddət əvvəl xəbər vermişdi.
Əslində yeni bir qanun layihəsinin müzakirəyə çıxarılması ictimai zərurətdən qaynaqlanır. Bu gün məktəbəqədər təhsil müəssisələrində müşahidə olunan neqativ hallar cəmiyyətin bütün təbəqələrində narazılığa səbəb olub. İstər uşaqların bağçalara qəbul proseslərində, istərsə də bağçalarda verilən təlim-tərbiyyə baxımından ciddi nöqsanların olduğu hər kəsə məlumdur.
Məktəbəqədər təhsil müəssisələrində zamanla ayaqlaşmağı bacaran, müasir tələblərə cavab verən, innovativ metodları fəaliyyətində tətbiq edən, mütəmadi olaraq öz üzərində çalışan, valideyn və uşaqlarla ünsiyyət qurmağı bacaran, kompeteniyalara malik tərbiyəçilərə böyük ehtiyac vardır.
Sirr deyil ki, məktəbəqədər təhsil müddətində rüşvət vermə halları ilə qarşılaşırıq. Hər ay 60 manat, qəbul olanda isə 300 manat ödənir. Axı niyə? Dövlət baxçalarının ehtiyacları dövlət hesabına təmin olunur. Bütövlükdə neqativ hallar çoxdur. İlk növbədə uşaq baxçaları Təhsil Nazirliyinin səlahiyyətlərinə verilməlidir. Bağçalara seçilmiş müəllimlər sırf mütəxəssislər olmalıdır. Cəzalanma metodu tətbiq olunmalıdır. 2-3 nəfər bağça işçisi cəzalandırılsa, digərləri də rüşvət almaqdan çəkinərlər.
İctimai qınağın olmaması və mətbuatın passiv mövqe tutması rüşvət hallarının artmasına şərait yaradır. Bunun ancaq bir mübarizə forması var: ictimai qınaq, valideynin dirəniş göstərməsi. Təəssüflər olsun ki, bu bizdə çatışmayan cəhətdir. “Ver” deyənə “Nə üçün verməliyəm” sualını verən yoxdur. Belə hallara ictimaiyyət reaksiya vermir, mətbuat passiv mövqe tutur. Müşahidələr göstərir ki, əmrlər, sərəncamlar bu neqativ halların qarşısını ala bilmir, əksinə, rüşvət amilinin miqdarı daha da artır”.
Media nümayəndələri bəzi bağçalarda bu mövzu ilə bağlı araşdırma aparıblar. Özünü valideyn qismində təqdim edən əməkdaşımıza 254 saylı uşaq bağçasında açıq-aşkar deyiblər ki, uşağı bağçaya qoymaq haqqı 200 manatdır, üstəlik hər ay 25 manat. Dediklərinə görə pulun hamısı özlərinə qalmır, “yuxarılarla” bölüşürlər.