Ukraynanın hüquq-mühafizə orqanları ölkə paytaxtı Kiyevdə hərbçini qətlə yetirmiş azərbaycanlını saxlayıblar.
Bu barədə Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb, Oxu.Az xəbər verir.
Cinayət fevarlın 1-nə keçən gecə Kiyevin Dneprovski rayonu ərazisindəki restoranlardan birində baş verib.
İki qrup şəxs arasında münaqişə zamanı kişilərdən biri xidmətdən kənar vaxtda həmin restoranda olan 21 yaşlı hərbçinin boyun nahiyəsinə bıçaqla ölümcül zərbə endirib.
Qətl törədən şəxs hadisə yerindən qaçıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin 31 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Fevralın 3-də o, Ukraynanın Zaporojye vilayətində saxlanılıb və ona qarşı Ukrayna CM-in 115-ci maddəsinin birinci hissəsi (qəsdən adam öldürmə) üzrə ittiham elan olunub.
Fevralın 5-də saxlanılmış şəxs barəsində həbs qətiimkan tədbiri seçiləcək.