Sumqayıtda "yaşıl soyqırım" törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir.
Bakunews.az xəbər verir ki, bu haqda məlumatı "Yeni Müsavat” yayıb.
Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. "Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.
Qəzet əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.
Adıçəkilən binaların sakinləri bildiriblər ki, onlar uşaqlıqdan bu parkın ərazisində yaşayıblar: "Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.
O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib.