Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Samir Məmmədov 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15 radələrində yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindəki evinin həyətində qonşusu, 2012-ci il təvəllüdlü Eldar Babayevə fiziki və ya psixi zor tətbiq etmədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Azyaşlıya təcavüz, 2 il 6 ay şərti cəza
İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Azyaşlıya təcavüz etdi, şərti cəza aldı
Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 6 ay müddətinə şərti cəza verilib.
Bu hökmdən prokuror narazı qalıb və apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hökm narazılıq yaratdı
Həmçinin zərərçəkmiş Eldar Babayevin qanuni nümayəndəsi, anası Səbinə Babayeva da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində bu şikayətlər üzrə araşdırma aparılıb. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada həm prokurorun protesti, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.
Prokurordan şikayət
Bu qərardan narazı qalan prokuror Zəfər Ramazanov kasasiya protesti verib. Prokuror şikayətində göstərib ki, məhkəmələr Samir Məmmədova təyin edilmiş cəzanı şərti tətbiq edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olub-olmasını nəzərə almayıb.
“Təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza verilib”
Prokuror qeyd edib ki, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə cinayət qanunu normasını düzgün tətbiq edilməyib: “Samir Məmmədovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilib və cəzanın təyin edilməsinin ümumi əsaslarına dair qanunun tələblərini pozulub. Həmçinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin edilib”.
Prokuror kasasiya protestinin təmin edilməsini, Samir Məmmədovun işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırlmasını istəyib.
Azyaşlının anası: “Oğlumun boğulduğunu görüb...”
Zərərçəkmiş Eldar Babayevin anası Səbinə Babayeva da kasasiya şikayəti verib. O, qeyd edib ki, Samir Məmmədov onun azyaşlı oğlu Eldar Babayevə qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri edib: “Samir bir neçə dəfə oğlumun köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı əxlaqsız hərəkətlər edib. Samir seksual xarakterli hərəkətlər edən zaman oğlumun boğulduğunu görüb və sonra onu buraxıb. O, bu hərəkətlərini bir neçə dəfə təkrar edib. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq onun əməli Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə tövsif edilib”.
“Ağır cəza verilsin”
Səbinə Babayeva bildirib ki, işə baxan məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin qeyri-səmimi ifadəsinə, cinayət əməlinin 5 yaşlı uşağa qarşı törədilməsini, əməlin ictimai təhlükəliliyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etməyini, rayon ictimaiyyəti arasında bu cinayət əməlinin necə mənfi qarşılandığına heç bir əhəmiyyət vermədən təqsirləndirilən şəxs barəsində cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi qənaətinə gəlib. Qanuni nümayəndə qeyd olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsini, cəzanın ağırlaşdırılmasını təmin olunmasını xahiş edib.
Hökm və qərar ləğv edildi
Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada həm prokurorun kasasiya protesti, həm də zərərçəkmişin qanuni nümayəndəsinin kasasiya şikayəti araşdırılıb, sonda qərar qəbul edilib.
Qərara görə, həm kasasiya protesti, həm də kasasiya şikayəti təmin edilib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
İş yenidən apelyasiyada
Samir Məmmədovun barəsində olan cinayət işi üzrə material yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb.
Hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, anası Səbinə Babayeva çıxış edib.
“O, yüngül maddə ilə məhkəməyə verilib”
Səbinə Babayeva bildirib ki, məhkəmənin hökmündən narazıdır: “Ona görə ki, məhkəmə təqsirkar şəxs olan Samir Məmmədovun əməlini düzgün qiymətləndirməyib, ona yüngül cəza təyin edib. Samir Məmmədov əslində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə cinayət əməli törədib. Lakin o, yüngül maddə ilə məhkəməyə verilib. Məhkəmə isə ona verilmiş maddə ilə hökm çıxarıb”.
“Guya əxlaqsız hərəkətlər etməyib”
Azyaşlının anası qeyd edib ki, Samir Məmmədov 2017-ci ilin may ayında onun azyaşlı oğlunu məqsədli şəkildə evin arxasına aparıb, ona qarşı əxlaqsız, sözlə ifadə olunmayan hərəkətlər edib: “Samir Məmmədov daha sonra oğluma hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini tapşırıb. Beləliklə də Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə zamanı Samirin özü də törətdiyi əməli etiraf edib. Lakin o, sona kimi düzgün ifadə verməyib, guya yalnız cinsiyyət orqanını oğluma göstərib və ona qarşı digər əxlaqsız hərəkətlər etməyib”.
Prokuror da həbs edilməsini tələb etdi
Səbinə Babayeva apelyasiya şikayətinin təmin edilməsini, Samir Məmmədovun həbs olunmasını məhkəmə kollegiyasından xahiş edib.
Prokuror da çıxışı zamanı birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Samir Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti və zərərçəkmişin qanuni nümayəndəsinin apelyasiya şikayəti təmin edilib. Qərara görə, Ağcabədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Azyaşlıya təcavüz edən həbs edildi
Məhkəmə Samir Məmmədovun əməlindən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin xaric edib. Ona 2 il 6 ay həbs cəzası təyin edilib.
Samir Məmmədovun başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.
Samir Məmmədovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2018-ci ilin iyulun 28-dən hesablanması qərar verilib.