Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. AzBaku.info Axar.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Elçin Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində Rasim Abıyevin idarə etdiyi “Mersedes Benz - C180” markalı avtomobil hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi “Nissan Sanni” markalı avtomobillə toqquşub. Nəticədə “Nissan Sanni” markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən hadisədə təqsirli bilinən Elçin Məmmədov həbs edilib. Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.